Yanvarın 16-da Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) kafedra müdiri, Xalq rəssamı, professor Arif Əzizin yaradıcılığına həsr edilən kitabların və “Bəyaz” sənədli filminin təqdimatı olub.
Tədbiri giriş sözü ilə açan ADMİU-nun rektoru, professor Ceyran Mahmudova Arif Əzizin zəngin yaradıcılığından söz açıb. Onu istedadlı rəssam olmaqla yanaşı, yüksək insani keyfiyyətlərə malik pedaqoq kimi səciyyələndirib.
Sonra AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli Arif Əzizin zəngin sənət dünyasından danışıb.
Bildirilib ki, təsviri sənətdə əsas yer tutan rənglər rəssamın təkcə fikirlərini, dünyasını ifadə etməklə qalmır, onun üslubunu da müəyyən edir. Azərbaycan təsviri sənətində ilk dəfə olaraq ağ rənglər vasitəsilə qrafika sənətinin ən mükəmməl nümunəsini Xalq rəssamı Arif Əziz yaradıb. Bu, rəssamın sənətinin özünəməxsusluğunu, bənzərsizliyini ifadə edir. Ağ rənglərdən qrafika janrına məxsus olan ləkə kontur cizgilərini cızmaqla obraz yaratmağı yox, interyeri, daxili gözəlliyi, harmoniyanı göstərmək baxımından da çox məharətlə istifadə etməyi bacaran Arif Əziz ağ rənglərlə ifadə olunan milli qrafika sənətinin yaradıcısıdır. Bu, onun Azərbaycan rəssamlığında möhürüdür.
Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru, Xalq rəssamı Səlhab Məmmədov, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, kulturoloq, tarix üzrə elmlər doktoru, professor Fuad Məmmədov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rəssamlıq fakültəsinin dekanı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sevil Kərimova, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin nəzdində fəaliyyət göstərən Televiziya və Radio Akademiyasının rektoru Faiq Hüsiyev, Sənədli və Bədii Filmlər Studiyasının aparıcı rejissoru Elnurə Kazımova çıxış edərək Azərbaycan incəsənətində Arif Əzizin yaradıcılığının müstəsna yeri olduğunu deyib, onun uzun illər pedaqoji fəaliyyətlə məşğul olduğunu və yüzlərlə gəncə sənətin sirlərini öyrətdiyini xüsusi vurğulayıblar. Həmçinin rəssama yaradıcılıq uğurları arzulayıblar.
Sonra Xalq rəssamının çoxşaxəli və zəngin yaradıcılığına həsr edilən “Bəyaz” sənədli filmi nümayiş olunub. Filmin ssenari müəllifi Zərnişan İnqilabqızı, rejissoru Elnurə Kazımova, operatoru Adil Abbasovdur. Film Azərbaycan Dövlət Televiziyasının Sənədli və Bədii Filmlər Studiyasında istehsal edilib.
Sonda Xalq rəssamı Arif Əziz çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.